Nahçıvan Tarihi ve Kültürel Yerler

Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikası

Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Burada insanlar 500-300 min il bundan əvvəl yaşamışdır. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur.

Naxçıvan, həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermişdir. Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar. X əsrdə “Naxçıvan şahlığı”, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII-XIX əsrlərdə “Naxçıvan xanlığı”, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Azerbaycan

1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasına (1995-ci il) əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

Naxçıvanın muxtariyyət tarixi 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəddə – Moskva və Qars müqavilələrində öz əksini tapmışdır. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində muxtariyyətin əsasları, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min kvadratkilometr, əhalisi 450 min nəfərdir (1 iyun 2017). Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan təşkil olunub. 5 şəhəri, 8 qəsəbəsi, 206 kəndi vardır.

Naxçıvan Muxtar Respublikasının sərhəddi Türkiyə  Respublikası ilə 14 kilometr, İran İslam Respublikası ilə 204 kilometr, Ermənistanla 246 kilometr təşkil edir.

Naxçıvan Muxtar Respublikasının ali qanunverici hakimiyyət orqanı 45 deputatdan ibarət olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisidir. Ali Məclisin səlahiyyət müddəti 5 ildir. Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən muxtar respublika Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsidir. İcra hakimiyyətini Nazirlər Kabineti, məhkəmə hakimiyyətini isə muxtar respublikanın məhkəmələri həyata keçirirlər.

Naxçıvan Muxtar Respublikasında 3 ali təhsil müəssisəsi – Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, 3 orta ixtisas məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 5 peşə məktəbi və 216 ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Naxçıvan antik və orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən muxtar respublika ərazisindəki 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır.

İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərini özündə yaşadan Naxçıvan Muxtar Respublikasında milli və mənəvi dəyərlərə hörmətlə yanaşılır, dini dəyərlər və adət-ənənələr qorunub saxlanılır, abidələr bərpa olunur. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur.

NAXÇIVAN: TÜRK-İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİ

Azerbaycan’a bağlı olan Nahçıvan hakkında Türk İslam Medeniyetine dair çok fazla eser bulunmaktadır. Biz http://imp.nakhchivan.az/adlı web sitesinde aşağıdaki yazıları aldık. daha fazla bilgi için web sitesini ziyaret edebilirsiniz.

Yengicə hamamı

Yengice-Hamam-nahçıvanİndiyədək gəlib çatan nümunələr göstərir ki, keçmişdə muxtar respublika ərazisindəki şəhərlərlə yanaşı kənd tipli yaşayış məntəqələrində də hamamlar fəaliyyət göstərmişdir. Naxçıvanda yaradılan türk-islam mədəniyyətinin belə nümunələrindən biri Yengicə hamamıdır. Hamam Şərur rayonunun Yengicə kəndində inşa olunmuşdur. Əhalinin fikrincə hamam XVIII əsrin sonlarında əslən Şahtaxtı kəndindən olan Tovuz xanım tərəfindən tikdirilmişdir. Hamam Yengicə kəndinin əhalisindən əlavə ətraf kəndlərdən gələn adamlara da xidmət etmişdir.

Yengicə hamamının ümumi sahəsi 650 kvadratmetrdir. Bina əhəng məhlulu istifadə olunmaqla bişmiş kərpiclə tikilmişdir. Hamam binası düzbucaqlı forma­da iki səkkizbucaqlı zala və onlara bitişik iki köməkçi otağa bölünür. Zalları örtən günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidmət otaqları qismən dağıntıya məruz qalsa da hamamın daxili planı yaxşı vəziyyətdədir.

İki zalın arasında yerləşən köməkçi otaqların qapıları yuyunma zalına açılır. Hamamın ocaqxanası cənub hissədə yer­ləşir. Hamam döşəmənin altında yerləşdirilmiş isti hava kanalları vasitəsilə qızdırılırdı. Binanın işıqlandırılması günbəzin mərkəzində yerləşən baca və divarlardakı kiçik pəncərələr vasitəsi ilə həyata keçirilirdi.

Hamam Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2017-ci ildə bərpa olunmuşdur.

Möminə Xatın türbəsi (1186)

mümine hatun türbesiNaxçıvanın türk-islam mədəniyyəti abidələrinin ən möhtəşəm nümunələrindən biri də Naxçıvan şəhərinin mərkəzində, “Əcəmi seyrəngahı”nda yerləşən, görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunan Möminə Xatın türbəsidir. Abidə yeraltı sərdabə və yerüstü türbədən ibarətdir. Daxildən dairəvi olan abidə xaricdən on üzlüdür. Yarandığı zaman hündürlüyü təxminən 35 metr olan türbənin yuxarı hissəsi aşınaraq uçub dağılmış, indiyədək yalnız 25 metr hündürlüyündə gövdə qalmışdır. Azərbaycan Atabəyləri dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz 1175-ci ildə vəfat etmiş arvadı Möminə Xatının xatirəsinə bu türbənin tikilməsini əmr etmişdir. Ancaq o özü də arvadından az sonra vəfat etdiyi üçün bu işi oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır. Türbənin sərdabəsində Möminə Xatından sonra Atabəy Şəmsəddin Eldəniz və oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan da dəfn olunmuşdur.

Türbənin üzərində olan əsas kitabədə türbənin təyinatı ilə əlaqədar verilən məlumatlarla yanaşı “Biz gedirik ancaq qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar! İlahi, bəd nəzərdən uzaq elə!” sözləri yazılmışdır. Türbə üzərində yazılan digər kitabələrdən aydın olur ki, abidənin tikintisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən hicri təqvimi ilə 582-ci ilin məhərrəm ayında (aprel, 1186-cı il) başa çatmışdır.

Azərbaycan xatirə abidələri içərisində öz gözəlliyi, kompozisiya xüsusiyyətləri, dekorativ bəzəkləri ilə seçilən, yüksək sənət əsəri və orta əsr Azərbaycan memarlığının şah əsəri olan Möminə Xatın türbəsi dünyanın möhtəşəm memarlıq abidələri sırasında özünəməxsus yer tutur. Məhz buna görə də görkəmli sənətşünas, professor V.Alpatov türbə haqqında yazırdı ki, belə yüksək forma duyğusuna, kompozisiyanın klassik kamilliyinə və icra mükəmməlliyinə həmin dövrün Avropa memarlığında təsadüf olunmur.

Möminə Xatın türbəsi mükəmməl sənət nümunəsidir. Türbənin tağları boyunca Qurani-Kərimin Yasin surəsi haşiyə şəklində iki dəfə, tağlarının hamısının baş tərəfində isə Qurani-Kərimin “Hakimiyyət vahid, qadir Allaha məxsusdur” ayəsi yazılmışdır. Türbənin daxilində, bir neçə metr yüksəklikdə qurşaq şəklində yazılan kitabədə Qurani-Kərimin “Bəqərə” surəsinin 255-ci ayəsi – “Ayətəl-kürsü” həkk edilmişdir.

Türbənin daxilində, günbəzin səthində diametri təxminən 1,5 metr olan dörd ədəd dairəvi medalyon vardır. Birinci medalyonda 8 dəfə “Məhəmməd”, ikinci medalyonda “Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli”, üçüncü medalyonda “Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli, Fatimə, Həsən, Hüseyn”, dördüncü medalyonda isə “Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli”, medalyonların hamısının mərkəzində isə “Allah” sözü yerləşdirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Möminə Xatın türbəsinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “…Bu abidənin qiyməti yoxdur. Möminə Xatın türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 2003-cü ildə Möminə Xatın türbəsində bərpa işləri aparılmışdır.

Yusif Küseyr oğlu türbəsi (1162)

Yusif Küseyr oğlu türbəsiBeş min il bundan əvvəl şəhər kimi formalaşan Naxçıvan çox böyük inkişaf yolu keçib, XII əsrdə burada Azərbaycanın Naxçıvan memarlıq məktəbi formalaşmış, çoxlu tarix-memarlıq abidələri yaradılmışdır. Belə abidələrdən biri də Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin cənub-şərq tərəfində 1162-ci ildə inşa edilən Yusif Küseyr oğlu türbəsidir. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə örtülmüşdür. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən olan Yusif Küseyr oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatmışdır.

Məqbərənin giriş qapısının baş tərəfində dörd sətirdə yazılan kitabədən aydın olur ki, türbə hicri təqvimi ilə 557-ci ildə (1162-ci il) Yusif Küseyr oğlunun xatirəsinə inşa etdirilmişdir. Məqbərənin qurşağında Qurani-Kərimin “Al-i İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır.

Yusif Küseyr oğlu kitаbədə “tаnınmış rəis”, “mömin”, “islamın gözəlliyi”, “şeyxlərin başçısı” titul və epitetləri ilə təqdim оlunmuşdur. Yusif Küsеyr оğlunun tutduğu şəhər rəisi vəzifəsi o dövrdə kifаyət qədər nüfuzlu idi.

Türbənin ətrafı 2001-ci ildə abadlaşdırılmışdır.

Xan Sarayı (18. ASIR)

han SarayıNaxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikintilər, o cümlədən saraylar da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının yaşayış evi – Xan Sarayıdır. Xan Sarayı Naxçıvan şəhərində – “Xan diki”ndə yerləşir. Memarlıq üslubu ilə seçilən, 3600 m2 sahəsi olan Xan Sarayı yerləşdiyi ərazinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Sarayı XVIII əsrin sonların­da Naxçıvan xanı, görkəmli dövlət xadimi Kalbalı xan Kəngərli tikdirmişdir. Şərq memarlıq üslubunda tikilmiş bu Saray XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur.

Xan Sarayı iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olmuşdur. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulmuşdur. Xan Sarayının ümumi sahəsi 382 kvadratmetrdir. Bir metrədək divarlarının qalınlığı olan bina bişmiş kərpiclə tikilmişdir. Birinci mərtəbədə səkkiz otaq, ikinci mərtəbədə altı otaq və iki zal vardır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş.

Xan Sarayı 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bərpa olunmuşdur.

Zaviyə-mədrəsə (18 Asır)

zaviye emdresesi nahçıvanVII əsrdən sonra Naxçıvan ərazisində müxtəlif sufi təriqətlərinə mənsub mərkəzlər, o cümlədən zaviyələr, həmçinin savadlı kadrlara olan tələbatı ödəmək məqsədi ilə mədrəsə binaları da inşa olunmuşdur. Zaviyələr həm ibadət və zikr yerləri, həm də təhsil mərkəzləri olduğundan Zaviyə-mədrəsə binaları da yaradılırdı. Naxçıvanda zəmanəmizədək xüsusi memarlıq üslubunda inşa edilən belə nümunələr də qalmışdır. Bu cəhətdən Naxçıvanın türk-islam mədəniyyəti nümunələri sırasında özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olan Zaviyə-mədrəsə binası xüsusi yer tutur. Zaviyə-mədrəsə binası Naxçıvan şəhərinin Zaviyə məhəlləsində yerləşir. Ərəbcə “guşə”, “künc”, “bucaq” mənasını verən “zaviyə” adı orta əsrlərdə yaşayış, ibadət, zikr və təhsil mərkəzlərinə də verilmişdir.

XVIII əsrdə inşa edilən Zaviyə-mədrəsə binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən bir metr hündürlükdə kürsülük üzərində yerləşdirilmişdir. Ümu­mi sahəsi 212 kvadratmetrdir. İstər plan quruluşu, istərsə də ayrı-ayrı hissələrin formasına görə Naxçıvandakı digər dini binalardan tamamilə fərqlənir.

Zaviyə-mədrəsə binası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2008-ci ildə əsaslı şəkildə təmir və bərpa olunmuşdur.

Şərq hamamı 

Şərq hamamı nahçıvanTürk-islam mədəniyyəti abidələrinin özünəməxsus nümunələrindən biri də hamamlardır. Naxçıvan şəhərindəki Şərq hamamı şəhərin mərkəzində, indiki “Təbriz” mehmanxanasının qarşısında, Dədə Qorqud meydanında yerləşir. Yerli əhali bu hamamı Naxçıvan xanları nəslindən olan İsmayıl xanın şərəfinə “İsmayıl xan hamamı”da adlandırır. Şərq hamamı Naxçıvan əhalisinin həyatında mühüm rol oynamış, yuyunma, paklanma yeri olmaqla bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə yerinə də çevrilmişdir.

XVIII əsrdə Şərq memarlıq üslubun­da inşa edilən hamam binası giriş, xidmət zalı, çarhovuzlu yuyunma salonu, xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 kvadratmetrdir. Hamam planda düzbucaqlı for­madadır. Bina bişmiş kərpiclə inşa edilmişdir. Hamamın soyunma zalı səkkizbucaqlı formadadır. Yuyunma salonunun iki keçidi vardır. Zalın mərkəzində çarhovuz inşa edilmişdir. 108 kvadrat metr sahəsi olan zalın tavanı sferik günbəzlə örtülmüşdür.

Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişik yerləşdirilmişdir. Xəzinədən açılan gözlükdən su götürülməsi üçün istifadə olunmuşdur. Hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin altındakı ocaq hamamın isidilməsinə xidmət etmişdir. Otaqlara istilik yeraltı borular vasitəsilə verilmişdir.

Hamam 2005-ci ildə əsaslı təmir və bərpa edilmişdir.

Хаnəgаh Memarlıq Kompleksi (12 – 15. asır)

Хаnəgаh Memarlıq Kompleksi nahçıvanNaxçıvan ərazisində orta əsrlər zamanı yaradılan dini-memarlıq abidələri sırasında sufiliklə bağlı mərkəzlər – xanəgah kompleksləri xüsusi yer tutur. Belə komplekslərdən biri XII-XV əsrlərə aid Xanəgah Memarlıq Kompleksidir. Xanəgah Memarlıq Kompleksi Culfa rayonunun Xanəgah kəndindən şimаl-şərq tərəfdə yеrləşir. Kоmplеks türbə, məscid və digər tikililərdən ibarətdir. Kitаbəsindən məlum olur ki, kоmplеksin əsаsını təşkil еdən türbə Uluğ Qutluğ Lələ bəyin əmrilə Хаcə Cəmаləddin tərəfindən inşa edilmişdir. Türbə memarlıq quruluşuna görə XII əsrə aid edilir.

Türbənin daxilində bir qəbir vаrdır. Mənbələrdə göstərilir ki, həmin qəbirdə ХIV əsrdən еtibаrən Аzərbаycаndа gеniş yаyılаn Hürufilik təliminin bаnisi Fəzlullаh Nəimi dəfn еdilmişdir. Хаnəgаh kоmplеksinə bitişik, cənub tərəfdə inşa edilmiş türbə-məscidin kitаbəsindən aydın olur ki, türbə-məscid Şеyх Hаcı Lələ Məlikin xatirəsinə Həvva Bədr Bikə хаtının səyi ilə hicri təqvimi ilə 901-ci ildə (1496-cı il) inşa olunmuşdur.

Aza körpüsü 

Aza-korpusu-azerbaycanOrta əsrlər zamanı Naxçıvanda yaradılmış türk-islam mədəniyyəti abidələrinin bir hissəsini körpülər təşkil edir. Belə körpülərdən biri XVI-XVII əsrlərdə Səfəvi hökmdarı I Şah Abbasın dövründə (1587-1629-cu illər) inşa edilən Aza körpüsüdür. Buna görə onu “Şah Abbas körpüsü” adlandıranlar da var. Gilançayın üzərində inşa edilən Aza körpüsü Ordubad rayonundakı Darkənd və Aza kəndlərini birləşdirir. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmiş körpünün uzunluğu 46 paqonometr, eni 3,5 metrdir. Körpü inşa edilərkən onun yerləşdiyi ərazi nəzərə alınmış, tağların oturacaqları təbii özüllər-qayalar üzərində hörüldüyü üçün tağlar arasındakı məsafələr müxtəlif ölçülərdə qoyulmuşdur. Körpünün şimal üzündə, yəni suyun gəldiyi tərəfdə dörd tağın qarşısında dalğaqıran düzəldilmişdir.

Şərq ölkələrini, o cümlədən Çin və Hindistanı Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən Aza körpüsü Böyük ipək yolu üzərində inşa edildiyindən mühüm əhəmiyyətə malik olmuşdur.

XX əsrin sonlarında güclü sel Aza körpüsünün qərb tərəfini dağıtmışdır. Körpü 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuşdur.

Cəlilkənd buzxanası

Cəlilkənd buzxanasıOrta əsrlər zamanı Naxçıvanda türk-islam mədəniyyəti abidələrinin yaradılması ənənəsi sonrakı dövrlərdə də davam etmişdir. Buna ən gözəl nümunə XIX əsrdə inşa olunmuş Cəlilkənd buzxanasıdır. Bu buzxana Şərur rayonunun iri yaşayış məskənlərindən olan Cəlilkəndin girişində yerləşir. Buzxana dördkünc formalı binadan ibarətdir. Bina yuxarıda tağabənzər formada tamamlanmışdır. Buzxananın girişi cənub tərəfdəndir. Binanın divarları yonulmuş boz rəngli qaya parçalarından inşa edilmişdir. İçərisində divarlar boyunca dördkünc formalı səkilər inşa edilmişdir. Çox hissəsi yerin altında yerləşən buzxanaya enmək üçün daşdan xüsusi pilləkən düzəldilmişdir.

Ötən dövrlərdə aşınmalara məruz qalan buzxana Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2015-ci ildə bərpa olunmuşdur.

 

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

9 + one =